MAGİSTRANTLAR elmi-tədqiqat müəssisələrində olublar

Gəncə Dövlət Universitetində Magistratura səviyyəsi üzrə  mütəxəssis hazırlığı proqramına uyğun olaraq, təhsil alan tələbələr mütəmadi qaydada aparıcı elmi-tədqiqat müəssisələrinə ezam edilir, bu elm ocaqlarında müasir laboratoriya şəraiti, elmi-tədqiqat metodları və qabaqcıl alimlərin iş təcrübələri ilə tanış olurlar.

27 oktyabr 2025-ci il tarixdə bu proqram çərçivəsində Magistratura şöbəsinin Fizika ixtisası üzrə  1-ci və 2-ci kurs tələbələri Mirzəyeva Günel Mahir qızı, Mehdizadə Natiq İsmayıl oğlu, Həsənli Vüsal Mehman oğlu universitetimizlə sıx əməkdaşlıq əlaqələri olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Həsən Abdullayev adına Fizika İnstitutunda olublar. Səfərdə məqsəd magistrantların elmi-tədqiqat mövzularına dair akademik ədəbiyyatın araşdırılması, verilmiş tapşırıqlar əsasında laboratoriya ölçmələrinin həyata keçirilməsi, alınan nəticələrin təhlili ilə bağlı təcrübəli mütəxəssislərin məsləhətlərini dinləmələri olub.  

Magistrantlar Fizika institutunun  professoru Mayıl Tağıyevin rəhbərliyi altında Bərk cisim elektronikası, Yüksək gərginliklər fizikası və texnikası laboratoriyalarında olmuş, burada praktiki iş təcrübəsi keçmiş və magistrlik dissertasiyalarının təcrübi hissəsində nəzərdə tutulan ölçmələr aparıblar.

Daha sonra görülən işlər müzakirə olunub, alınmış eksperimental nəticələrin sistemləşdirilməsi və dissertasiya işində əks etdirilməsi qaydaları haqqında magistrantlara zəruri məlumatlar verilib. Magistrantların elmi-tədqiqat işlərinin istehsalatda tətbiqi perspektivləri və gələcək planlar haqqında fikir mübadiləsi aparılmışdır. İnstitutun əməkdaşları magistrantların yerinə yetirdikləri təcrübələrdə onlara yardımçı olub və öz tövsiyələrini veriblər.