“Nizami Gəncəvi və Ahi Evran Vəli paneli” adlı konfrans təşkil edilmişdir
Gəncə Dövlət Universiteti və Kırşəhər Ahi Evran Universiteti birlikdə “Nizami Gəncəvi və Ahi Evrani Vəli paneli” haqqında konfrans təşkil etmişdir. Konfransda Kırşəhər Ahi Evran Universitetinin rektoru Prof. Dr.Vatan Karakaya , Gəncə Dövlət universitetinin rektoru Professor Yusif Yusibov və Türkiyənin Gəncədəki Baş konsulu Dr. Zəki Öztürk açılış çıxışı etmişdilər.
Gəncə Dövlət Universitetinin rektoru Professor Yusif Yusibov çıxışında bildirmişdir: Çox hörmətli Baş konsul Zəki bəy, Kırşəhər Ahi Evrani Universitetinin rektoru sayın Vatan hocam! Mən sizi və konfransa qatılan əməkdaşlarınızı salamlayıram, Sizə dərin hörmət və ehtiramımı, bildirirəm. Bü gün tədbirimiz Nizami Gəncəviyə və Ahu Evrani Vəliyə həsr olunmuşdur. Panel müzakirəsinə qoşulan hər kəsi salamlayıram.
Bundan əvvəl biz İstanbul Universiteti ilə birlikdə Nizami Gəncəvi və Yunus Əmrə paneli, Beynəlxalq konfrans təşkil etmişdik. Bunun nəticəsi olaraq Gəncə Dövlət Universitetində Yunus Əmrə salonu, İstanbul, Nişantaşı, İzmir Katib Çələbi və 9 eylül Universitetlərində isə Nizami Gəncəvi adına salonlar açılmışdır.
Bu günkü tədbir Azərbaycan Xalqı və dövləti üçün olduqca məsuliyyətli və şərəfli bir tarixi dövrə təsadüf edir. Azərbaycan ordusu müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın bir dövrdə işğal altında olan vətən torpaqlarını işğaldan azad edərək tarixi bir zəfər qazanmışdır. Cənab İlham Əliyevin dediyi kimi Azərbaycan xalqı tarixdə bir çox qələbələr qazanmışdır. Lakin bu qələbə qazandığımız ən parlaq qələbədir. Birincisi ona görə ki, son 250-300 illik tarixdə Azərbaycan torpaqları daim işğal edilmiş, ərazisi daim kiçilmişdir. Bu tarixdə ilk dəfə idi ki, Azərbaycan respublikasının torpaqları işğaldan azad edildi və ərazi genişləndi. İkincisi, erməni şovinistləri son 100 illər ərzində daim türklərə qarşı soyqırım aparmış, qocaları, qadınları, uşaqları xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirmiş, insanlarımızı öz dədə-baba yurdlarından qovaraq deportasiya etmiş, ev-eşiklərini dağıdaraq misli görünməmiş vəhşiliklər törətmişlər. İlk dəfə idi ki, azəri türkləri ermənistan ordusunu darmadağın edərək, erməniləri texnika və canlı qüvvə sarıdan sarsıdıcı zərbələrlə itkilərə məruz qoyaraq son 100 illiyin tarixi qisasını, şəhidlərimizin intiqamını almağa müyəssər olmuşlar. Tarixi zəfərimizi təmin edən müxtəlif amillər vardır. Onların içərisində 3 əsas amili qeyd etmək olar:
1.Əsgər və zabitlərimizin yüksək peşəkarlığı və Vətən sevgisi;
2.Türkiyə cümhuriyyətinin və türk xalqının verdiyi siyasi və mənəvi dəstək;
3. Ali Baş Komandanın peşəkarlığı, qətiyyəti, cəsarəti, prinsipiallığı və dönməzliyi.
Müharibənin ilk vaxtlarından Türkiyə dövləti və türk xalqı bütüm varlığı ilə bizi dəstəklədi. Bu səbəbdən üçüncü qüvvələr bu müharibəyə qatıla bilmədi.
Bir neçə kəlmə Nizami Gəncəvi haqqında demək istəyirəm Nizami Gəncəvi böyük bir dühadır, böyük bir xəzinədir. O dünya şer sənətinin günəştək nur saçan müdrik siması, Şərq poeziyasının ecaskar qüvvəsidir. Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir.
“Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsəsi” dünya poetik- fəlsəfi fikrinin zirvəsində dayanır.
Ulu Öndər Heydər Əliyev Nizami Gəncəvi irsinə çox yüksək qiymət vermişdir. O demişdir ki, “Biz hamımız, bütün dünya xalqları Gəncəyə və gəncəlilərə borcluyuq, ona görə ki, Gəncə dünyaya Nizami Gəncəvini bəxş etmişdir”. 1981-ci ildə Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimiləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib və həmin zamanda “Beynəlxalq Nizami Mərkəzi” yaradılıb ki, onun da tərkibinə məşhur mütəfəkkirlər, dövlət xadimləri, siyasətçilər daxildir. Dövlət Başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi” ili elan edilməsi, 880 il bəşəriyyəti öz düh ası ilə heyrətdə qoyan Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsi olmaqla bərabər, dünya şöhrətli şairin dühasının əzəmətinə, saf və bəşəri duyğularına yeni baxış olacaq.
Bu gün panel müzakirələrdə ixtisasçılar Nizami Gəncəvi və Ahi Evrani Vəli haqqında daha ətraflı və dolğun danışacaqlar.
Türk – islam tarixinin önəmli şəxsiyyətlərindən olan Ahi Evran 1171-ci ildə İranın Qərbi Azərbaycan bölgəsində Hoy qəsəbəsində anadan olmuşdur. Əsl adı Mahmut bin Əhməd El – Hoy (Hoylu Əhmədin oğlu Mahmud) olmuşdur.
Ahilik ”qardaşlıq”, “bərabərlik, “Əli açıqlıq” anlamına gəlir və bir təlim, cərəyan kimi meydana çıxmışdır. Məqsədi, qayəsi insanın dünya və axirət xoşbəxtliyini təmin etmək, “Aləmə nizam vermək” olmuşdur.
Səlcuqlu və Osmanlı coğrafiyasında İslam mədəniyyətinin zirvə quruluşu olan Ahilik təşkilatının mərkəzi Kırşəhər olmuşdur. Qardaşlığı, bərabərliyi, mərdliyi, qonaqpərvərliyi, cəsarəti, doğruluğu, dürüstlüyü özündə eftiva edən Ahiliyin Səlcuqlu coğrafiyasında təşkilatlanmasında Ahı Evranın çox böyük xidməti vardır. O, 92 yaşında Kir şəhərində vəfat etmişdir. O, Türkiyənin Kır şəhərindən dünyaya yayılan bir işıqdır.
Daha sonra Kırşəhər Ahi Evran Universitetinin rektoru Prof. Dr.Vatan Karakaya , Türkiyənin Gəncədəki Baş konsulu Dr. Zəki Öztürk açılış çıxışları dinlənilmişdir.
Sonda Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə “ XI-XV əsrlərdə Ahilik və Ahi Təşkilatları” , universitetin müəllimi Vüsal İsgəndərov “Nizami Gəncəvi və Ahilik” , Kırşəhər Ahi Evran Universitetinin Professorları Dr.Nadir İlhan “ Ahilik dəyərləri və Yunus Əmrə ilə Aşık Paşada yarışmaları” , Dr.Siraceddin Haci “Nizami Gəncəvidə sərvət anlayışı” , Dr.Fazıl Yozgat “ Ahiliyin İqtisadi təməlləri” , Dr. Ahmet Doğan “Türk Ədəbiyyatında Ahi Evran və Ahilik” adlı məruzələri ilə çıxışlar etmişdilər.