“Nizami Gəncəvi və Ahi Evran Vəli paneli” adlı konfrans təşkil edilmişdir

Gəncə Dövlət Universiteti və Kırşəhər Ahi Evran Universiteti birlikdə “Nizami Gəncəvi və Ahi Evrani Vəli paneli” haqqında konfrans təşkil etmişdir. Konfransda Kırşəhər Ahi Evran Universitetinin rektoru  Prof. Dr.Vatan  Karakaya , Gəncə Dövlət universitetinin rektoru Professor Yusif  Yusibov və Türkiyənin Gəncədəki Baş konsulu  Dr. Zəki Öztürk açılış çıxışı etmişdilər.

Gəncə Dövlət Universitetinin  rektoru Professor Yusif  Yusibov çıxışında bildirmişdir:  Çox hörmətli   Baş konsul  Zəki bəy, Kırşəhər Ahi Evrani Universitetinin rektoru  sayın Vatan hocam!  Mən sizi və konfransa qatılan əməkdaşlarınızı   salamlayıram, Sizə dərin hörmət və ehtiramımı,  bildirirəm. Bü gün tədbirimiz Nizami Gəncəviyə və Ahu Evrani Vəliyə həsr olunmuşdur. Panel müzakirəsinə qoşulan hər kəsi salamlayıram.

Bundan əvvəl biz İstanbul Universiteti ilə birlikdə Nizami Gəncəvi və Yunus Əmrə paneli,  Beynəlxalq  konfrans təşkil etmişdik. Bunun nəticəsi olaraq  Gəncə Dövlət  Universitetində Yunus Əmrə salonu, İstanbul, Nişantaşı, İzmir Katib Çələbi və 9  eylül Universitetlərində  isə  Nizami Gəncəvi adına salonlar açılmışdır.

          Bu günkü tədbir  Azərbaycan  Xalqı  və  dövləti  üçün olduqca məsuliyyətli və şərəfli bir tarixi dövrə təsadüf edir. Azərbaycan ordusu müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında  30  ilə  yaxın  bir  dövrdə  işğal altında olan vətən torpaqlarını işğaldan azad edərək tarixi bir zəfər qazanmışdır. Cənab  İlham  Əliyevin  dediyi  kimi  Azərbaycan  xalqı  tarixdə  bir  çox  qələbələr qazanmışdır.  Lakin bu qələbə qazandığımız ən parlaq qələbədir. Birincisi ona  görə  ki,  son  250-300  illik  tarixdə Azərbaycan torpaqları daim işğal edilmiş,  ərazisi daim kiçilmişdir. Bu tarixdə ilk dəfə idi ki, Azərbaycan respublikasının  torpaqları  işğaldan  azad edildi və ərazi genişləndi. İkincisi, erməni  şovinistləri  son 100 illər ərzində daim  türklərə qarşı soyqırım   aparmış,  qocaları,  qadınları,  uşaqları  xüsusi  qəddarlıq və amansızlıqla qətlə yetirmiş, insanlarımızı öz dədə-baba yurdlarından qovaraq  deportasiya etmiş, ev-eşiklərini dağıdaraq misli görünməmiş vəhşiliklər törətmişlər.  İlk  dəfə  idi  ki, azəri türkləri ermənistan ordusunu darmadağın edərək,  erməniləri texnika və canlı qüvvə sarıdan sarsıdıcı zərbələrlə itkilərə məruz qoyaraq son 100 illiyin tarixi qisasını, şəhidlərimizin intiqamını almağa müyəssər  olmuşlar.  Tarixi zəfərimizi təmin edən müxtəlif  amillər vardır. Onların içərisində 3 əsas amili qeyd etmək olar:

1.Əsgər və zabitlərimizin yüksək peşəkarlığı və Vətən sevgisi;

2.Türkiyə cümhuriyyətinin və türk xalqının  verdiyi siyasi və mənəvi dəstək;    

3. Ali Baş Komandanın peşəkarlığı, qətiyyəti, cəsarəti, prinsipiallığı və dönməzliyi.

Müharibənin ilk vaxtlarından Türkiyə dövləti və türk xalqı bütüm varlığı ilə bizi dəstəklədi. Bu səbəbdən üçüncü qüvvələr bu müharibəyə qatıla bilmədi.

          Bir neçə kəlmə Nizami Gəncəvi haqqında demək istəyirəm Nizami Gəncəvi böyük bir dühadır, böyük bir xəzinədir. O dünya şer sənətinin günəştək nur saçan müdrik  siması, Şərq  poeziyasının  ecaskar qüvvəsidir. Nizami Gəncəvi yaradıcılığı  dünya  ədəbiyyatı  tarixində  təkrarolunmaz  bir  mərhələ, yeni bir tarixi  dövr  və  müdriklik  zirvəsidir.

          “Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsəsi” dünya poetik- fəlsəfi fikrinin zirvəsində dayanır.

          Ulu Öndər Heydər Əliyev Nizami Gəncəvi irsinə çox yüksək qiymət vermişdir. O demişdir ki,  “Biz  hamımız, bütün dünya xalqları Gəncəyə və gəncəlilərə borcluyuq,  ona  görə  ki, Gəncə  dünyaya  Nizami Gəncəvini bəxş etmişdir”. 1981-ci ildə Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimiləri ölkənin  mədəni  həyatının  əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə  Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd  edilib  və  həmin  zamanda “Beynəlxalq  Nizami  Mərkəzi” yaradılıb ki, onun da tərkibinə məşhur  mütəfəkkirlər,  dövlət xadimləri, siyasətçilər daxildir. Dövlət Başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi” ili elan edilməsi, 880 il bəşəriyyəti öz düh  ası ilə heyrətdə qoyan Nizami Gəncəvinin yubileyinin  dövlət  səviyyəsində  keçirilməsi  ölkəmizdə  milli  mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsi olmaqla bərabər, dünya  şöhrətli şairin dühasının əzəmətinə, saf və bəşəri duyğularına yeni baxış olacaq.

Bu gün panel müzakirələrdə ixtisasçılar Nizami Gəncəvi və Ahi Evrani Vəli haqqında daha ətraflı və dolğun danışacaqlar.

Türk – islam tarixinin önəmli şəxsiyyətlərindən olan Ahi Evran 1171-ci ildə İranın Qərbi Azərbaycan bölgəsində Hoy qəsəbəsində anadan olmuşdur. Əsl adı Mahmut bin Əhməd El – Hoy (Hoylu Əhmədin oğlu Mahmud) olmuşdur.

Ahilik  ”qardaşlıq”, “bərabərlik, “Əli açıqlıq” anlamına gəlir və bir təlim, cərəyan kimi meydana çıxmışdır. Məqsədi,  qayəsi  insanın dünya və axirət xoşbəxtliyini təmin etmək, “Aləmə nizam  vermək” olmuşdur.

Səlcuqlu və Osmanlı coğrafiyasında İslam mədəniyyətinin zirvə quruluşu olan Ahilik təşkilatının mərkəzi Kırşəhər olmuşdur. Qardaşlığı, bərabərliyi, mərdliyi, qonaqpərvərliyi, cəsarəti,  doğruluğu, dürüstlüyü özündə eftiva edən Ahiliyin Səlcuqlu coğrafiyasında təşkilatlanmasında Ahı Evranın çox böyük xidməti vardır. O, 92 yaşında  Kir şəhərində vəfat etmişdir. O, Türkiyənin Kır şəhərindən dünyaya yayılan bir işıqdır.

Daha sonra Kırşəhər Ahi Evran Universitetinin rektoru  Prof. Dr.Vatan  Karakaya , Türkiyənin Gəncədəki Baş konsulu  Dr. Zəki Öztürk açılış çıxışları dinlənilmişdir.

Sonda Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə “ XI-XV əsrlərdə Ahilik və Ahi Təşkilatları” , universitetin müəllimi Vüsal İsgəndərov “Nizami Gəncəvi və Ahilik” , Kırşəhər Ahi Evran Universitetinin Professorları Dr.Nadir İlhan “ Ahilik dəyərləri və Yunus Əmrə ilə Aşık Paşada yarışmaları” , Dr.Siraceddin Haci “Nizami Gəncəvidə sərvət anlayışı” , Dr.Fazıl Yozgat “ Ahiliyin İqtisadi təməlləri” , Dr. Ahmet Doğan “Türk Ədəbiyyatında Ahi Evran və Ahilik” adlı məruzələri ilə çıxışlar etmişdilər.