“İnsanyönümlü şəhərlər” hakatonunda GDU-nun komandası final mərhələsinə yüksəlib

11 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İnsanyönümlü şəhərlər” hakatonuna start verilib.

Hakatonda iştirak edən komandalar süni intellekt və rəqəmsal texnologiyaların şəhər mühitində mövcud problemlərin həllində tətbiqi imkanlarını araşdırıb.

Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət komanda “UrbanMind AI” layihəsi ilə uğurlu çıxış edərək hakatonun final mərhələsinə yüksəlib.

GDU-nu təmsil edən komandanın üzvləri Zeynəb Nağıyeva, İsfəndiyar Aslan, Zəhra İsgəndərova, Lətifə Rəhimli və Rəşid İsmayılovdur.

“UrbanMind AI” şəhər problemlərinin süni intellekt vasitəsilə foto əsasında aşkarlanmasını, təhlilini və aidiyyəti dövlət qurumlarına yönləndirilməsini təmin edən innovativ rəqəmsal platformadır.

Layihənin əsas məqsədi vətəndaşların şəhər mühitində qarşılaşdıqları problemlərin daha operativ həllinə dəstək olmaq, dövlət qurumları ilə vətəndaşlar arasında rəqəmsal əlaqəni gücləndirmək və daha rahat, təhlükəsiz, dayanıqlı şəhər mühitinin formalaşmasına töhfə verməkdir.

Komandamıza final mərhələsində uğurlar arzulayırıq!