Sülh və inkişaf naminə Ümumdünya Elm Gününə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində Sülh və inkişaf naminə Ümumdünya Elm Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filologiya və xarici dillər fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Məmmədova çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə, təhsilə, ədəbiyyata və milli-mədəni dəyərlərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi ilə ölkədə elmin təşkilati strukturu formalaşıb, elmi tədqiqatlar sistemli xarakter alıb.
Azərbaycan dili kafedrasının məsləhətçi professoru Mübariz Yusifov çıxışında cəmiyyətin davamlı inkişafında elmin əhəmiyyətindən, gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən dövlət proqramlarından danışıb. Eyni zamanda, Gəncə Dövlət Universitetində elmi potensialın gücləndirilməsi və elmi fəaliyyətin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb.
Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev Azərbaycan elminin sistemli inkişafında və beynəlxalq səviyyədə tanınmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin elmi xalqın milli sərvəti kimi dəyərləndirən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan elmi fundamental tədqiqatlarla yanaşı, ölkənin iqtisadi və hərbi qüdrətinin artırılmasına da mühüm töhfələr verir.
Tədbirdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilova “Azərbaycan elmi beynəlxalq arenada”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Xədicə Ələkbərova “Müharibədən əməkdaşlığa: Elmin qurduğu körpülər” mövzularında məruzələrlə çıxış ediblər.






