Gəncə Dövlət Universitetində uşaq hüquqlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib
Gəncə Dövlət Universitetində uşaq hüquqlarının müdafiəsi, uşaqların sosial rifahının təmin edilməsi və bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə “Uşaq hüquqları” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq uşaq hüquqlarının qorunmasının müasir cəmiyyətin əsas sosial və humanitar vəzifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, uşaqların hüquqlarının təmin edilməsi yalnız onların fərdi inkişafı baxımından deyil, bütövlükdə cəmiyyətin gələcəyinin formalaşması və sağlam nəslin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prorektor Gülsüm Fətəliyeva Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə uşaqların hüquqlarının müdafiəsi, sosial vəziyyətinin yaxşılaşdırılması, onların təhsil və sağlamlıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində yaradılmış hüquqi baza və həyata keçirilən sosial proqramlar bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək uşaqların hüquqi maarifləndirilməsinin, onların milli-mənəvi dəyərlər ruhunda, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin uşaqların hərtərəfli inkişafında dövlət, ailə və cəmiyyətin birgə fəaliyyətinin əhəmiyyətinə diqqət çəkib.
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova uşaqların hüquq və azadlıqlarının təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyə xidmətlərindən bərabər imkanlarla yararlanmasının vacibliyindən danışıb. O, uşaq hüquqlarının qorunmasının dövlət qurumları ilə yanaşı, ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin də məsuliyyəti olduğunu bildirib.
Tədbirdə universitetin professor-müəllim heyəti tərəfindən mövzu ilə bağlı elmi və maarifləndirici məruzələr təqdim olunub.
Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova “Uşaqlara qayğı hər bir vətəndaşın borcudur”, həmin kafedranın dosenti Güləbatın Hümbətova “Sağlam uşaqlar, sağlam cəmiyyət deməkdir”, Botanika kafedrasının dosenti Afaq Əliyeva “Uşaq mənəvi cəhətdən sağlam, Vətənə sadiq övlad kimi böyüməlidir”, Kimya kafedrasının baş müəllimi Sevinc Zeynalova “Uşaqlar nəinki ailənin, cəmiyyətin, hətta xalqın ən qiymətli sərvətidir”, Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva isə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında dövlət siyasəti” mövzularında çıxış ediblər.
Məruzələrdə uşaqların hüquq və mənafelərinin qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, fiziki və mənəvi inkişafı üçün zəruri şəraitin yaradılması, sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyası məsələləri geniş şəkildə diqqətə çatdırılıb. Eyni zamanda, uşaqların fərdi ehtiyaclarının nəzərə alınması, keyfiyyətli təhsil imkanlarının təmin edilməsi və onların ictimai həyatda fəal iştirakının təşviqinin əhəmiyyəti vurğulanıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti












