ORTA MƏKTƏBDƏ AÇIQ DƏRS

etibar

M.M.Mehdizadə adına 4 saylı tam orta məktəblə Gəncə Dövlər Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Azərbaycan tarixi kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru Etibar Musayevin X sinifdə Azərbaycan tarixi fənnindən “XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi vəziyyət” mövzusunda  açıq dərsi olmuşdur. Dərsdə Universitetin Karyera və təcrübə şöbəsinin müdiri dosent Mahir Məmmədov, məktəbin ixtisasçı müəllimləri və təcrübəçi tələbələri iştirak etmişlər.

Etibar Musayev dərs prosesində əsasən Çar rusiyası tərəfindən xanlıqların işğal edilməsindən sonra Azərbaycanda əhalinin vəziyyəti, komendant üsul idarəsinin özbaşınalığı, çarizmin idarəçilik sistemi, ağır vergi siyasəti, milli dövlətçilik ənənələrinin məhv edilməsi siyasəti, çarizmin müstəmləkəçilik siyasətinin əsas mahiyyəti, köçürmə siyasətinin pərdəarxası mahiyyəti və feodal istismarının aspektləri kimi məsələlərdən bəhs etmişdir. Həmçinin ağır vergi siyasəti və komendantların özbaşınalığına qarşı üsyanlar şagirdlərə ətraflı izah olunmuşdur.

Məqsəd XIX əsrin 30-40-cı illərində Azərbaycanın iqtisadi potensialı və yerli istehsal müəssisələrinin vəziyyətini geniş şərh etməklə şagirdlərdə Azərbaycanda həmin dövrün  sosial-iqtisadi vəziyyəti, kapitalist müəssisələrinin hansı məqsədlə inkişaf etdirilməsi və çarizmin istismarçı siyasəti haqqında dərin təsəvvür yaratmaq idi.

Dərsin sonunda Etibar Musayev şagirdləri maraqlandıran sualları cavablandırmışdır. Ətraflı tədris olunan dərs şagirdlər tərəfindən rəğbətlə qarşılanmışdır