ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ FORUMDA İŞTİRAK ETMİŞLƏR

Bu günlərdə Gəncə şəhərində “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin 4 günlük Beynəlxalq Forumu keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn bu Forum istər seçilmiş mövzusuna, istərsə də iştirakçıların dünyanın müxtəlif ölkələrini əhatə etməsinə görə xüsusi əhəmiyyət daşıyırdı.

Forum ilk növbədə, gündən günə qloballaşan dünya elminə inteqrasiya ilə bağlı gənclər üçün yaradılan elmi mühitin, həmçinin klassik tarixi, mədəni və multikultural dəyərləri olan Azərbaycanın, o cümlədən Gəncənin təbliginə həsr olunmşdur.

350-yə yaxın gənc tədqiqatçını əhatə edən Forumda on iki xarici ölkədən, o cümlədən  Türkiyə, Makedoniya, Belorusiya, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran və  İraqdan 26 gənc alim və mütəxəssis iştirak edirdi.

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimi Aytən Əhmədova və Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Günay Kazımova bu mötəbər Beynəlxalq Forumda uğurla çıxış edərək Gəncə Dövlət Universitetini layiqincə təmsil etmiş, Təşkilat Komitəsi adından Sertifikatlarla təltif olunmuşlar.