“Siyasi partiyalar haqqında” yeni Qanun dövrün tələblərinin zərurətidir
Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ötən 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında, siyasi münasibətlərdə köklü dəyişikliklər baş verib. Bu günədək əvvəlki Qanuna 27 dəfə əlavə və dəyişiklik edilib. Sözsüz ki, Qanun qəbul olunduğu dövrün reallığını əks etdirirdi. Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi, o zamanın hədəfləri tamamilə fərqli idi. Təbii ki, dünyada cərəyan edən proseslər, yeni reallıqlar, müasir çağırışlar “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edirdi. Çoxpartiyalı sistemin daha möhkəm əsaslar üzərində qurulması, demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişaf etdirilməsi yeni qanunun hazırlanmasına təkan verdi.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, müzakirəyə çıxarılması və təsdiqlənməsi ölkəmizdə aparılan siyasi islahatların davamı və zamanın tələbi idi.
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif nəzərdən keçirilib.
Bu qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl sənəd parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq təklif olunan layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə təşkil olunub. Dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişiklik edilib. Ümumilikdə sənədə 110 düzəliş edilib. Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınıb.
Yeni qanunda diqqət çəkən məqamlara nəzər salsaq görərik ki, yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır.
Siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:
– Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;
– terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
– irqi, dini və ya etnik düşmənçiliyin salınması.
Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul edirlər, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən edirlər. 30 gün müddətində səlahiyyətli şəxs Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 180 gün müddətində 5000 üzv sayının təmin edilməsi üçün tədbirlər görür və üzvlərin reyestrini tərtib edir.
Yeni Qanun “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələblərinə tam cavab verir. “Siyasi Partiyalar haqqında” yeni qanun Azərbaycanda mövcud siyasi sistemin daha da təkmilləşməsinə xidmət göstərəcək. Bu qanun Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti