Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib

Gəncə Dövlət Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin  imtahan sessiyasında imtahanlara ictimai baxış keçirilib.

 İmtahanların gedişini müşahidə etmək məqsədi ilə keçirilən  mediaturda şəhər ziyalıları, kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və tələbə valideynləri iştirak ediblər.

   Əvvəlcə Universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov və Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva  ictimai baxışda iştirak edənlərə  imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığı, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığı haqqında məlumat veriblər.

     Qeyd edilib ki, sessiya dövründə mövcud qanunvericiliyin və Təhsil nazirinin 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb.  Bununla yanaşı, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” təşkil edilib.

   Daha sonra ictimai baxışda iştirak edənlər imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər.

  Sonda mediatur iştirakçıları və media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər görülən işləri yüksək qiymətləndirərək universitetdə lazımi şəraitin yaradıldığını qeyd ediblər. 

  Bildirək ki, Gəncə Dövlət Universitetində 29 dekabr 2022-ci il tarixində başlayan imtahanlar 01 fevral 2023-cü il tarixində yekunlaşacaq.

  Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə isə  02-15 fevral 2023-cü il tarixlərində təkrar imtahan vermək üçün şərait yaradılacaq.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti