Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib

Azərbaycanın əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri olan ölkələrdən biri də  Birləşmiş Ərəb Əmirlikləridir. Ölkələrimiz arasında mövcud olan münasibətlər strateji əhəmiyyətə malikdir. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı ölkə başçısı Cənab İlham Əliyev iki ölkə arasında olan əlaqələri yüksək qiymətləndirərək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verdi.

Ölkəmizin iqtisadi inkişafın əsas göstəricilərindən biri enerji sektorunda əldə edilən uğurlardır. Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Təbii qaz ixracımız artır – 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək.

 “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.

2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti