Gəncədə Cavad xanın xatirəsi anılıb

     Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi hörmətlə yad edilib.

   Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov  şəhər ictimaiyyəti ilə birgə Cavad xanın xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib. Tədbir çərçivəsində rektor Yusif Yusibov qəhrəmanlığı ilə Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazan Cavad xanın türbəsini ziyarət edib, məzarı önünə tər gül dəstələri qoyub.

   Qeyd edək ki, 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan Rus imperiyasının generalı Pavel Sisianovun başdan-ayağa silahlanan ordusunun mühasirəsində bir aydan artıq qalaraq, şəhəri işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına həlak olub.

  Azərbaycan müstəqillik əldə etdikdən sonra Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparan  Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın məzarı üzərində tarixi üslubda türbə inşa olunub, Gəncənin ən qədim küçə və qəsəbələrindən birinə onun adı verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti