GDU-da “20 Yanvar-Qan yaddaşımız” adlı tədbir keçirilib

Gəncə Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

   Tədbirdən öncə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən tələbələrin əl işlərindən ibarət rəsm əsərləri və kitab sərgisi nümayiş olunub.

  “20 Yanvar-Qan yaddaşımız” adlı  tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov,Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Abuzər Zeynalov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

  Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  20 Yanvar faciəsindən bəhs edən sənədli film də nümayiş olunub.

  Tədbirin  ədəbi-bədii hissəsi universitetin istetdadlı tələbələrinin şeirləri  ilə davam edib.

  Gəncə Dövlət Univesitetinin rektoru Yusif Yusibov  çıxışında qeyd edib ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 33 il əvvəl həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu.

Rektor Yusif Yusibov onu da bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə sovet ordusu qəsdən Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. 20 Yanvar faciəsi Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. O zaman yalnız Ümummilli Lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış etmişdir.

Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.

   Rektor Yusif Yusibov çıxışında ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, şəhid ailələrinə xüsusi diqqət və qayğının göstərilməsi istiqamətində həyata keçirilən siyasətdən də danışıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti