TƏLƏBƏNİN AÇIQ DƏRSİ

          Gəncə Dövlət Universitetinin ayrı-ayrı ixtisaslar üzrə son kursda təhsil alan tələbələrin  pedaqoji təcrübələri uğurla davam etməkdədir. Artıq tələbələr axırıncı dəfə nəzəri biliklərini təcrübədə sınaqdan keçirir, bir növ gələcəyin müəllimi adına layiq olduqlarını nümayiş etdirirlər. Belə tələbələrdən biri olan Coğrafiya müəllimliyi ixtisasının IV kurs tələbəsi  Leyla Çobanovanın Nizami Gəncəvi adına 11 nömrəli məktəbdə “Səyyahlar, tədqiqatçılar, turistlər” adlı mövzusunda açıq dərsi öz nümunəviliyi ilə seçilmişdir.

Leyla Çobanova  nəinki nəzəri biliklərini nümayiş etdirmiş, hətta müasir dərsə verilən müasir tələblərlə yaxından tanış olduğunu, texnoloji vasitələrdən  məharətlə istifadə etmə  bacarığını da nümayiş etdirə bildirmişdir. Dərs əvvəldən axıra qədər yüksək fəallıqla keçmiş və tələbələr istər köhnə dərsin soruşulmasında, istərsə də yeni dərsin mənimsənilməsində aktivlik göstərmişlər. Nəticədə şagirdlərin yeni dərsi  asanlıqla qavradıqları hiss olunmuşdur.

Müzakirə zamanı  Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, şöbənin təcrübə rəhbəri  professor Rəşad Nuriyev, baş müəllim Ulduz Əliyeva, məktəbin coğrafiya müəllimi Dürdanə Babayeva təcrübəçi tələbənin açıq dərsindən razı qaldıqlarını vurğulamışlar.