GDU TƏLƏBƏLƏRİ FRANSADA

Gəncə Dövlət Universiteti  ölkəmizdə fəaliyyət göstərən müxtəlif səfirliklərlə, o cümlədən  Fransa, Türkiyə, Alman səfirlikləri ilə əlaqələrini yüksək səviyyədə davam etdirir, müxtəlif tədbirlər həyata keçirir. Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadənən səmərəli fəaliyyəti nəticəsində xarici ölkə universitetlərilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalanmış,  həmin müqavilələrin icrasında əsas istiqamətlərdən olan  tələbə, müəllim mübadiləsi, birgə konfransların keçirilməsi və birgə elmi fəaliyyət öz real həllini tapmışdır. Hətta Fransız dili kafedrasının müdiri baş müəllim Məhərrəm Orucov təhsil sahəsində Fransa-Azərbaycan əlaqələrinin genişlənməsində fəal iştirakına görə Fransanın “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni ilə təltif olunmuşdur. Fransanın Yuxarı Elzas Universiteti ilə əlaqələr isə getdikcə öz bəhrələrini vrerməkdədir.

Fransanın Şatoru şəhərində keçirilən 20-dən çox ölkənin, eyni zamanda Azərbaycan tələbələrinin iştirak etdiyi  “DARCK” (Rəqs) Beynəlxalq musuqi festivalında Nəzrin Məmmədova və Aytac Qoşqorova Gəncə Dövlət Universitetini təmsil etmişdir. Qaydalara əsasən hər iki tələbə fransız dilini daha yaxşı öyrənmələri üçün iki həftəlik dil kursunu keçmiş, seçdiyi hər hansı bir ölkənin rəqs məşğələsində məşğul olmuşlar. Finalda da həmin rəqsi ifa etmişlər.

Şəhərin meri azərbaycanlı tələbələri xüsusilə qəbul etmiş, onlarla səmimi söhbət aparmışdır. Nəzrin Məmmədova təəssüratı haqqında bir neçə yerli qəzetə müsahibə vermiş, yerli radio ilə fransızca çıxış etmişdir. O, öz xoş münasibəti, sərrast nitqi ilə fransızları təəccübləndirmiş, hətta aksentin hiss olunmadığını bildirmişlər.

Tələbələrimiz Vətənə sertifikatla qayıtmışlar. Rektor professor Yusif Yusibov Nəzrin Məmmədovanı  qəbul edərək Universitetin layiqli təmsilçisinə təşəkkür etmişdir. Nəzrin Məmmədova öz növbəsində professor Yusif Yusibova hədsiz diqqət və qayğı göstərdiyi üçün  tələbələr adından minnətdarlıq bildirmişdir.