ƏMƏKDAŞIMIZ TƏLİM-KONFRANSDA İŞTİRAK EDİB

13 oktyabr 2016-cı il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüskarlığı ilə  “Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilmişdir. Ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin  möhkəmləndirilməsi,  ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması məqsədilə keçirilən konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri iştirak etmişlər.

Təlimdə Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova “PR etikası və media-planların hazırlanması; Daxili PR-ın təşkili;  Beynəlxalq təcrübədən nümunələr”, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov “Böhran vəziyyətlərdə kommunikasiya və ünsiyyət”, İsfəndiyar  Əmrahov  “ATM və sosial media, sosial mediada PR texnologiyaları” (ATM  sosial mediada necə təqdim olunmalı;Sosial mediada həştəqlərdən istifadə) mövzusunda çıxış etmiş, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova və  UNEC-in Marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov  ATM və media əlaqələri ilə bağlı öz təcrübələrini bölüşmüşlər.

Təlimdə Mehman Şəfaqətovun “ATM-lərin veb saytlarının monitorinqinin nəticələri, veb saytlarının təkmilləşdirilməsində yeni alətlərdən istifadə olunması ilə bağlı   etdiyi məruzə də dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Təlim-konfransın gedişində   media və təhsil dialoqunun daha da yaxşılaşdırılması  ilə bağlı müzakirələr aparılmış, sosial davranış qaydalarına dair platformanın  hazırlanması, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin vahid şəbəkəsinin qurulması, universitetlərdə tələbə mərkəzlərinin yaradılması və digər məsələlərlə bağlı təklif və tövsiyələr edilmişdir.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Maqbet Əhmədov təlim-konfransda iştirak etmişdir.