UNİVERSİTET TƏLƏBƏLƏRİ GƏNCƏDƏ ERMƏNİ TERRORU NƏTİCƏSİNDƏ HƏLAK OLAN ŞƏHƏR SAKİNLƏRİNİN XATİRƏSİNİ ANIBLAR
Gəncə Dövlət Universitetini təmsil edən fəal gənclər Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.
Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər.
Tələbələr ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Tələbələr şəhidlərin xatirəsini anmağı özlərinə borc bildiklərini qeyd ediblər. Bildirib ki, ermənilər tərəfindən törədilən bu vandalizm aktları heç vaxt unudulmayacaq.
Həmin əraziləri ziyarət edən tələbələr həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, erməni terroru nəticəsində dağıdılan binaların ətrafına gül dəstələri düzüblər.