Universitetdə Novruz bayramı münasibətilə festival keçirilib
Gəncə Dövlət Universitetində Biologiya-kimya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib.
Festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları hazırlayaraq nümayiş etdiriblər. Səmənilər, Şuşanın simvolu və s. xonçalara xüsusi gözəllik verib.
Rektor, professor Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq onların bayramını təbrik edib. Rektor qeyd edib ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.
Universitetin professor-müəllim heyəti və tələbələrin böyük ruh yüksəkliyi ilə iştirak etdiyi festivalda universitetin rektoru Yusif Yusibov, rektorun baş müşaviri Asif Cavadov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, professorlar Vaqif Novruzov və Sevda Əhmədova, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, fakültənin dekanı İsfəndiyar Alverdiyev tələbələrin yaradıcılıq bacarıqlarını qiymətləndiriblər.
Təqdim olunan bayram xonçalarının demək olar ki, hamısında insanların Bahar bayramına qədərki hazırlıqları, təbiətin 4 ünsürünü özündə əks etdirən su, od, külək və torpaq çərşənbələri, ilaxır çərşənbə, xalqımızın məişəti və adət-ənənələri geniş əks etdirilib.
Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilib. Mükafatın verilməsi üçün 3 yer müəyyənləşdirilib. Hər bir yerə 2 mükafat verilməsi qərara alınıb. Mükafatlar qalib qruplara təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti