Universitet rəhbərliyi Novruz bayramı münasibətilə keçirilən şəhər tədbirində iştirak edib

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz Gəncədə təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunub.

Şəhərin  Heydər Əliyev adına meydanında təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, həmçinin Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, professor-müəllim heyəti, müəllim və tələbələri də iştirak ediblər.

Əvvəlcə qonaqları elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Rəmzi olaraq Gəncənin tarixi şəxsiyyətləri Nizami Gəncəvinin, M.Ş. Vazehin, Cavad xanın obrazları canlandırılıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın inkişafı uğrunda həmrəy olmağa çağırıb. İştirakçıları müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb onlara xeyir-dua verib.Yazın müjdəçisi – Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib, cəngavərlər möhtəşəm Novruz tonqalını alovlandırıblar. Tonqalın ətrafında Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklaları, Keçəl və Kosanın maraqlı çıxışları izlənilib, “Cəngi” musiqisi ifa edilib.

Daha sonra Novruz bayramına həsr olunan musiqili proqram başlayıb. Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Kamera Orkestrı, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin kollektivləri qonaqların qarşısında bir-birindən maraqlı və rəngarəng çıxışlar ediblər.

Konsert proqramı M. Maqomayevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti