20 YANVAR- XALQIMIZIN İSTİQLAL YOLU, QƏHRƏMANLIQ SƏHİFƏSİDİR

Gəncə Dövlət Universitetində “Microsoft Teams” proqramı vasitəsilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar – xalqımızın istiqlal yolu, qəhrəmanlıq səhifəsidir” mövzusunda online şəkildə tədbir təşkil olunmuşdur.

İlk olaraq 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edilmişdir.

Tədbirdə çıxış edən Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva  bildirmişdir ki,  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatmışdır.

Prorektor Gülsüm Fətəliyeva həmçinin onu da qeyd etmişdir ki, 2020-ci il yaşadığımız 44 gün xalqımızın qalibiyyət tarixidir. Ali Baş Komandanımızın başçılığı altında ordumuz əsrlərə örnək olacaq bir tarix yazdı. Gələcək nəsillər yeni yazılmış tariximizlə başlarını dik tutacaq, qürurla yaşayacaq, Vətəni, xalqını bütün varlığı ilə sevməyin ən ali müqəddəs hiss olduğunu anlayacaqlar.

Rektorun baş müşaviri Asif Cavadov qanlı 20 yanvar gecesindən danışdıqdan sonra vurğulamışdır ki, Vətən müharibəsində qüdrətli ordumuzun rəşadəti bütün dünyanı heyran etmişdir. Heç bir hərbi texnikadan istifadə etmədən möhkəm istehkamlı Qarabağın döyünən ürəyi olan, xalqımızın qeyrəti, qüruru sayılan Şuşanın xüsusi təyinatlılarımız tərəfindən azad ediməsi qəhrəmanlığın özünü heyrətə salmışdır. Azərbaycan ordusunun döyüş taktikası kimi, Şuşanın da  azad olunması dünya hərbi mütəxəssislərini bundan sonra  da maraqlandıracaq, bu haqda fikirlər söylənəcək, təhlillər aparılacaqdır.

Tədbirdə çıxış edən Tarix-coğrafiya fakültəsinin dossentləri Emma Aslanova və Cavid Bağırzadə, baş müəllimləri Bəxtiyar Məhərrəmov və İlham Məmmədov  20 yanvar hadisəsinin Azərbaycan tarixinin qanlı, eyni zamanda, ən şanlı səhifələrindən biri olduğunu bildirmişlər. Qeyd etmişlər ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin arasında azərbaycanlılarla yanaşı digər xalqların nümayəndələri də olmuşdur. Bu isə bir daha sübut edir ki, Vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olmuş, birlik nümayiş etdirmişdir. 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir.

Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də öz həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilmişdir.

Qanlı gecənin dəhşətlərindən danışaraq bildiriblər ki, bu hadisə xalqımızın gözünü qorxutmadı, əksinə, sovet imperiyasına qarşı nifrəti daha da artırdı. Həmin hadisələr Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı əzərək ona mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. Lakin, bütün bu dəhşətlərə baxmayaraq  həmin gecədə həlak olan Vətən oğulları tariximizə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilmədi.

Həmin gecə Azərbaycan xalqı sovet ordusunun qarşısında əliyalın qəhrəmanlıq göstərdi. Buna görə biz böyük qürur hissi keçiririk. Şəhidlər xiyabanında təkcə müsəlmanların yox, eyni zamanda, xristian, yəhudi dinlərinin nümayəndələrinin də uyuduğunu qeyd edən natiqlər bu yerin bütün Azərbaycan üçün müqəddəs olduğunu diqqətə çatdırmışlar.

Tədbirdə çıxış edənlər faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd etmişlər.

Sonda çıxış edənlər bir daha şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirdilər. Qeyd etdilər  ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu vandalizm, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ