“Beynəlxalq Frankofoniya bayramı” qeyd olunub

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin fransız dili ixtisasının tələbələri “Beynəlxalq Frankofoniya bayramı” keçiriblər.

Tədbirdə  Gəncə  Dövlət Universitetinin rektoru Yusif Yusibov, universitetin prorektorları, professor-müəllim heyəti, fransalı qonaqlar, tələbələr, valideynlər və KİV nümayəndələri   iştirak ediblər.Tədbirdə  Azərbaycan və Fransanın  Dövlət Himnləri səsləndirilib.

Rektor Yusif Yusibov Azərbaycan-Fransa  arasında uzun illərdən bəri diplomatiya, iqtisadiyyat  mədəniyyət, təhsil və digər  sahələrdə  yaranan geniş  əlaqələrdən danışıb. Bildirib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Rektor vurğulayıb ki, Gəncə şəhərində keçirilən  ənənəvi şərab festivalları da Azərbaycan -Fransa əlaqələrinə nümunədir.

Yusif Yusibov qeyd edib  ki, 1999-cu ildən Gəncə Dövlət Universitetində  fransız dili ixtisası fəaliyyət göstərir.  16 tələbə ilə fəaliyyətə başlayan bu ixtisasda hazırda 113 tələbə təhsil alır və fransiz dili kafedrasında 11  müəllim çalışır.

Azərbaycanda Fransa Mədəniyyət Mərkəzinin icraçı direktoru Moris Rüfin bildirib ki, Azərbaycan –Fransa arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli olmaqla mütəmadidir. Buna görə də Fransa Mədəniyyət Mərkəzi tərəfindən fransız dilinin inkişafına xüsusi önəm verilir. Mərkəzdə fəaliyyət göstərən dil kurslarına gənclər cəlb edilir.

Tədbirdə  Azərbaycan-Fransa  əlaqələrinə, dostluq və həmrəylik münasibətlərinə həsr olunmuş  videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində tələbələr   fransız dilində  mahnılar ifa edib, səhnələşdirdikləri “Ulduz” tamaşasını göstəriblər.

“Beynəlxalq Frankofoniya Bayramı” “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatıb.