Universitetdə elmi tədqiqatçıların dünya elminə inteqrasiya üçün “Thomson Reuters” elmi bazasının resurslarından səmərəli istifadə

24.05.2018-ci il tarixdə təşkil edilmiş təlim xarakterli tədbir Avropa Komissiyasının Erasmus+ proqramının PETRA layihəsi çərçivəsində həyata keçirilib. Tədbirdə universitet əməkdaşlarına dünya elminə inteqrasiya etmək üçün “Thomson Reuters” elmi bazasının resurslarından necə səmərəli istifadə etmək haqqında ətraflı məlumat verilmişdir.

Giriş sözü ilə çıxış edən İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov iştirakçıları salamladıqdan sonra tədbirin məqsədi haqqında ətraflı məlumat vermişdir. Daha sonra “Thomson Reuters” elmi bazasının informasiya resursları üzrə eksperti Aygün Babazadə “Thomson Reuters” agentliyinin “Web of Science” platforması mövzusunda təlimə başladı. Təlimdə Gəncə Dövlət Universitetinin fakültə dekanları və kafedra müdirləri iştirak edirdilər. Aygün Babazadə çıxışına Gəncə Dövlət Universitetinin “Web of Science” platformasında olan son vəziyyəti haqqında, universitetin əldə etdiyi uğurlar haqqında və təmsil etdiyi qurumda yer alan elmi jurnallar haqqında ətraflı məlumat verib. O, agentliyin təqdim etdiyi “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı da danışıb.

Eyni zamanda dinləyicilər tədqiqatçılar üçün elmi informasiya resursları, beynəlxalq jurnallarda nəşrlərə dair əsas tələblər və Psevdo-elm: yırtıcı jurnallar və onlarla mübarizə yolları ilə yaxından tanış olduqdan sonra Aygün Babazadə iştirakçıların suallarına ətraflı cavab verdi.

Təlimin sonunda Gəncə Dövlət Universitetində Clarivate Analytics (Thomson Reuters) Agentliyinin informasiya resurslarından istifadə, bu sahədə mütəxəssislərin hazırlanması və professor-müəllim heyətini beynəlxalq elmi ictimaiyyətə təqdim etmək və onların xaricdə tanınmasına verdiyi dəstəyə görə Aygün Babazadəyə İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov tərəfindən universitet rektoru professor Yusif Yusibovun imzaladığı “TƏŞƏKKÜRNAMƏ” təqdim edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − two =