AZƏRBAYACAN ƏDLİYYƏSİNİN 100 İLLİYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Gəncə Dövlət Universitetində Gəncə Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə Azərbayacan Ədliyyəsinin 100 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Gəncə Regional Ədliyyə İdarəsinin rəisi Kəmaləddin Həsənov, Nizami rayon məhkəməsinin sədri Rasim Kazımov, Gəncə Apellyasiya məhkəməsinin sədri Tapdıq Mahmudov, GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, eləcə də məhkəmə işçiləri və universitetin professor-müəllim və tələbələri iştirak edib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbir iştirakçılarını salamlayıb və tədbirin məqsədindən danışıb.

Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov bildirib ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olub. 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız öz müstəqil dövlətinə sahib olub.

Tapdıq Mahmudov Azərbaycan ədliyyəsinin tarixi, keçdiyi inkişaf mərhələləri, müasir ədliyyə sistemində həyata keçirilən islahatlar, ədliyyə orqanlarının fəaliyyəti haqqında tələbələrə ətraflı məlumatlar verib.

Azərbaycan ədliyyəsinin tarixi, keçdiyi mərhələlər, ədliyyə sahəsində həyata keçirilən mütərəqqi islahatlar, ayrı-ayrı ədliyyə orqanlarının fəaliyyəti barədə məlumatlar tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçılarının ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti barədə sualları cavablandırılıb.