Gəncə Dövlət Universiteti Beynəlxalq Təhsil sərgisində iştirak edir

Gəncə Dövlət Universiteti XI Azərbaycan Beynəlxalq Təhsil  – “Education 2017” sərgisində iştirak edir.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov çıxış edib.

Bildirilib ki, oktyabrın 8-ə kimi davam edəcək sərgi arzu edən hər kəs üçün istər ixtisas, istərsə də təhsil yeri üzrə geniş seçim imkanı yaradan unikal platformadır. 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi ölkədə Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Bu ilki sərgi çərçivəsində Azərbaycan, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və bir çox digər ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edirlər.

Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Baki Dövlət Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Texnologiya Universiteti (Gəncə), həmçinin Gəncə Dövlət Universiteti yer alıb. İlk dəfə olaraq “Education 2017” sərgisində Qərb Universiteti iştirak edir.

Yerli “CELT Colleges” şirkəti sərgidə xaricdə təhsil proqramı ilə, “Kapital Bank” isə  isə  sərginin baş sponsoru qismində çıxış edir. Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyi isə öz stendində nazirliyin yaxın gələcək üçün plan və proqramları barədə məlumat verir. Bu il “Təhsil” sərgisi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənir.

Ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malikdirlər.