Tələbələr Dövlət Müstəqilliyi Gününü təntənə ilə qeyd ediblər

Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edib. Xalqımız hər il bu əlamətdar günü çox böyük qürur hissi ilə qeyd edir.

Bu fikirlər Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilən dəyirmi masada səsləndirilib.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycan tarixi kafedrasının dosenti Sevinc Bağırova müstəqillik gününün yaranma tarixi barədə məlumat verib. O, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadığını, müstəqillik üçün ikinci tarixi şəraitin 70 ildən sonra yarandığını bildirib. Xalqımız həmin imkandan yararlanaraq 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etməyə nail olub. S. Bağırova qeyd edib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb və inkişaf edərək regionun lider dövlətinə çevrilib.

Tədbirdə çıxış edən Pedaqoji fakültənin III kurs tələbəsi Fidan Əsədullayeva və digər fəal gənclər 26 il öncə öz müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin bir sıra çətinliklərlə qarşılaşmasından, eləcə də özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsindən, respublika ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, 1 milyondan çox soydaşımızın yurd-yuvalarından didərgin düşməsindən bəhs ediblər.

Çıxışlarda müstəqillik illərində Azərbaycanın inkişafı və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olduğumuz tərəqqi vurğulanıb. Qeyd edilib ki, bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət Azərbaycanı uğurlu gələcəyə aparır. Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğu vurğulanıb.