Tələbələrə yoluxucu xəstəliklər və infeksiyalar əleyhinə peyvənd vurulub

Gəncə Dövlət Universitetində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” mövzusunda keçirilən marifləndirici tədbirdə tələbələrə yoluxucu xəstəliklərdən və infeksiyalardan qorunmağın yolları, həmçinin  peyvəndləmə haqqında məlumat verilib.

Tədbiri açan Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tələbələrin müxtəlif yoluxucu xəstəliklər və infeksiyalardan qorunmaq üçün gənclərin daha məlumatlı olmağının vacibliyini qeyd edib.

Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasının baş həkimi İsa Babayev yoluxucu xəstəliklərdən və infeksiyalardan qorunmaq üçün peyvəndlərə xüsusi diqqət yetirilməyin vacibliyi barədə danışarkən söyləyib ki, bu gün gənclər arasında vərəm, poliomielit, difteriya, tetanus, göy öskürək, pnevmoniya, hemofilus influenza B, qızılca, məxmərək və parotit əleyhinə peyvəndlərin aparılması çox yaxşı haldır. İmmunoprofilaktika sahəsində də xeyli irəliləyişlər var. Səhiyyə Nazirliyinin apardığı ardıcıl tədbirlər nəticəsində su çiçəyin, poliomielitin, difteriyanın qarşısı tamamilə alınıb.

Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş səhiyyə strategiyasını Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Bütün bunlar ölkəmizdə gənclərin sağlamlığına göstərilən qayğının bariz nümunəsidir. Gənclərin sağlamlığına bu cür diqqət və qayğı göstərilməsi gələcək nəslin sağlamlığı deməkdir.

“Biz həkim və pediatrlar da öz işimizi bu diqqət və qayğıya uyğun şəkildə qurmalıyıq”- deyə baş həkim İsa Babayev qeyd edib.

Sonda universitetin tələbələri qızılca epidemiyasına qarşı peyvənd olunub, rentgeno floroqrafiya aparatının köməyi ilə müayinə ediliblər.