TÜRKİYƏNİN GƏNCƏDƏKİ BAŞ KONSULU GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk Gəncə Dövlət Universitetində olub, rektor professor Yusif Yusibovla görüşüb.

Rektor Yusif Yusibov qonağı salamlayaraq onu universitetdə görməkdən məmnunluğunu ifadə edib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasətin nəticəsində son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də qazanılan böyük uğurlardan bəhs edən rektor bildirib ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələrimiz, eləcə də elm, təhsil, mədəniyyət və digər sahələrdə də əməkdaşlığımız yüksək səviyyədə inkişaf edir.

Rektor Gəncə Dövlət Universitetinin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələrindən danışaraq, universitetin dünyanın bir çox aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Zəki Öztürk Gəncə Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələrini yüksək qiymətləndirərək, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə Türkiyə – Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük əhəmiyyətə malik olduğunu, tarixi köklərə söykənən, eyni millətə, dilə və dinə sahib olan iki xalq arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan – Türkiyə qardaşlığının möhkəmlənərək, inkişaf etdiyi qeyd edilib. Həmçinin, iki ölkənin təhsil sahələri arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.