“Əlilliyi olan tələbələr üçün Mərkəz”də görüş və təlim keçirilib

Gəncə Dövlət Universitetində sağlamlıq imkanları məhdud tələbələrlə görü keçirilib. “Əlilliyi olan tələbələr üçün Mərkəz”də baş tutan görüşdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ölkəmizdə inklüziv təhsil mühitinin yaradılmasından bəhs edib, təhsilin hamı üçün əlçatan olmasının əhəmiyyətini vurğulayıb.

“Əlilliyi olan tələbələr üçün Mərkəz”in direktoru Turanə Qurbanova, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Ruslan Məmmədov diqqətə çatdırıblar ki, GDU-nun rəhbərliyi burada təhsil alan sağlamlıq imkanları məhdud tələbələrə həssaslıqla yanaşır, onların dərslərdə və imtahanlarda rahat iştirakını təmin etmək məqsədilə inklüziv mühitin formalaşdırılmasına xüsusi diqqət göstərir.

Daha sonra GDU-da fəaliyyət göstərən “Əlilliyi olan tələbələr üçün Mərkəz” haqqında geniş məlumat verilib. Bildirilib ki, Mərkəz “Əlilliyi olan tələbələrin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının  təməlinin qoyulması” (ESFİDİP) TEMPUS  layihəsi çərçivəsində 2015-ci ildə yaradılıb. Mərkəzin əsas missiyası inklüziv dəyərləri təşviq etmək və hər bir tələbə üçün açıq, bərabərhüquqlu və müasir təhsil mühitini formalaşdırmaqdır.  Burada sağlamlıq imkanları məhdud tələbələrin hüquqlarının təmin olunması, onların təhsilə bərabər çıxış imkanlarının yaradılması və sosial-akademik inteqrasiyasının gücləndirilməsi daim diqqətdə saxlanılır.

Respublika Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova sağlamlıq imkanları məhdud insanlara göstərilən diqqətdən danışıb. 

Ümumi pedaqogika kafedrasının baş müəllimi, İnklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradova çıxış edərək Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyətdən bəhs edib, Dövlət Proqramında sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı məsələlərin mühüm yer tutduğunu vurğulayıb.

Görüş çərçivəsində İnklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradovanın “Danış, səni tanıyım!” adlı təlimi maraqla qarşılanıb. Təlimdə İnklüziv təhsil bacarıq və ehtiyaclarından asılı olmayaraq bütün şagirdlərin vahid mühitdə birlikdə öyrənmələrini təmin edən tədris modeli olması vurğulanıb. Həmçinin göstərilib ki, İnklüziv təhsil məktəbdə cinsiyyət, etnik mənsubiyyət, sosial sinif və dil kimi fərqləri, eləcə də əlilliyi görünməz etmək və uşaqlara bərabər gələcək imkanlar təklif  etmək məqsədi daşıyır.

Sonda görüş iştirakçıları Mərkəzdə yaradılan şəraitlə, rəqəmsal resurslarla, kitablarla və başqa avadanlıqlarla yaxından tanış olublar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti