ƏSİRLİKDƏ QALAN QƏDİM MƏDƏNİYYƏT MƏRKƏZİ-ŞUŞA
08 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas binasının akt zalında 25 ildir əsirlikdə qalan qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalına həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk olaraq Şuşa şəhərinin tarixindən bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbiri rektorun Baş müşaviri dosent Asif Cavadov giriş sözü ilə açaraq, qeyd etdi ki,1992-ci il may ayının 8-də bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Azərbaycanın mədəniyyət mərkəzi “Kiçik paris” , “Şərqin konservatoriyası” , “Qafqazın cənnəti” adlandırılan yerlər xarabazara çevrilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş,165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yurdunu tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə ermənilər 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini məhv etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyini, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Dosent Asif Cavadov onu da qeyd etdi ki, Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələmişdilər. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın Şuşa şəhəri artıq 25 ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır.
Ümumi tarix kafedrasının dosent əvəzi Etibar Musayev “8 MAY Şuşanın işğalı-Azərbaycana qarşı növbəti soyqırımdır” , Ümumi tarix kafedrasının baş müəllimləri Gülşən Mustafayeva “Şuşa qədim mədəniyyət mərkəzimizdir” və Bəxtiyar Məhərrəmov “Şuşanın işğalından 25 il ötür” məruzələrilə, Tarix-coğrafiya fakültəsinin tələbələri Çinarə Hümbətova “ Şuşa səndən gedən deyil” və Sabir Əbdürrəhimov “Şuşam” adlı şeirlərilə öz çıxışlarında erməni faşizminin bəşər tarixi üçün ləkə, faciə olduğunu xüsusilə vurğuladılar.