“Əsrin müqaviləsi – tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır”

     Gəncə Dövlət Universitetində “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

    Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  tədbiri giriş sözü ilə açaraq 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin dərin zəkası və möhkəm iradəsi nəticəsində imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü inkişafının başlanğıcı olub, dövlətimizin iqtisadi və siyasi müstəqilliyini təmin edib və Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrilib. Bu gün ölkəmiz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.

    Tədbirdə rektorun baş müşaviri Asif Cavadov, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova , Ümumi tarix kafedrasının müdiri Etibar Musayev və Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev mövzu ətrafında çıxış ediblər.  Məruzəçilər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının başlıca istiqamətlərindən söhbət açıblar.

    Çıxışlarda 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə “Əsrin müqaviləsi”nin mühüm pay sahibi olması xüsusi vurğulanıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti