“Əməyin mühafizəsi və sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda tədbir

Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin (AHİK) təşkilatçılığı ilə “Əməyin mühafizəsi və sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda tədbir keçirilib.

Tədbirdə universitetin professor-müəllim heyəti, HİK-nin idarə heyəti, fakültə təşkilat sədrləri iştirak ediblər.

GDU AHİK-in sədri Afaq Qasımova giriş sözü ilə çıxış edərək bildirib ki, ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri də layiqli əməyin təşkili, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsidir. Komitə sədri çıxışında iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının, işçilərin hüquqlarının qorunmasının, psixoloji dəstəyin təmin edilməsinin, sağlam psixososial mühitin yaradılmasının vacibliyini vurğulayıb.  Onu da diqqətə çatdırıb ki, işçilərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi Gəncə Dövlət Universitetinin fəaliyyətində hər zaman mühüm yer tutur.

Daha sonra Universitetin Baş hüquqşünası Günay Şirinova “Ali təhsil müəssisələrində psixososial iş mühitinin formalaşdırılması” mövzusunda çıxış edərək bildirib ki, əməyin mühafizəsində fiziki təhlükəsizliklə yanaşı, sağlam psixososial iş mühitinin təmin edilməsi də mühüm rola malikdir. Universitet əməkdaşlarının sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnun təminatı, əməkdaşların hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, psixososial iş mühitinin formalaşdırılması, əməkhaqlarının vaxtında verilməsi, məzuniyyət hüquqlarından istifadə məsələləri ciddi nəzarətdə saxlanılır.

Tədbirdə Fizika kafedrasının dosenti Rasim Hüseynovun “Əməyin təhlükəsizliyinin sosial-iqtisadi xüsusiyyətləri”,  Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Əmək fərdi və ictimai rifahın əsasıdır” mövzusunda geniş məruzələri dinlənilib. Çıxış edənlər işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıblar.

GDU-nun əməyin təhlükəsizliyi üzrə mühəndisi Sərxan Bağırov və mülki müdafiə qərargahın rəisi Musa Qasımov mövzu ilə bağlı çıxış ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti