20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümü ilə əlaqədar GDU-nun rəhbərliyi və kollektivi Gəncə Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar hadisələrindən 36 il keçir. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.O zaman yalnız Ümummilli Lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış etmişdir. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

20 Yanvar hadisəsindən on illər keçsə də, xalqımız o qanlı gecəni daim xatırlayır və şəhidləri dərin ehtiramla yad edir. Respublikanın hər yerində olduğu kimi Gəncədə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, ali məktəbin professor-müəllim heyəti və tələbələr Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri ilə birgə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümü ilə əlaqədar olaraq anım mərasimində iştirak edib. Gəncə şəhər Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarı önünə gül dəstələri düzülüb. Şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti