Gəncədə Beynəlxalq elm, mədəniyyət və idman konfransı keçiriləcək
Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin rəhbəri Taner Bozkuş Gəncə Dövlət Universitetində rektor, professor Yusif Yusibovla görüşüb. Görüşdə Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Naqif Həmzəyev də iştirak edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Gəncə Dövlət Universitetinin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələrindən söz açan Yusif Yusibov Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Rektor universitetin dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, xüsusilə də Türkiyə universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Naqif Həmzəyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənərək inkişaf etdiyini bildirib, həyata keçirilən birgə layihələrdən danışıb.
Taner Bozkuş Gəncə Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələrini yüksək qiymətləndirərək, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Qonaq 2019-cu il iyunun 18-22-də Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransı haqqında ətraflı məlumat verib, əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdırıb.
Taner Bozkuşun Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə ilə görüşündə isə gələcək əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Sonra qonaq Gəncə Dövlət Universiteti və burada yaradılan Nuru Paşa adına Kitabxana ilə yaxından tanış olub.