«Sosial şəbəkələr: intellekt və mənəviyyat axtarışı»
Gəncə Dövlət Universtetində Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Bəhailəri Dini Mərkəzinin birgə iştirakı ilə “Sosial şəbəkələr intellekt və mənəviyyat axtarışı mövzusnda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, şair Qismət Rüstəmov, «Multikulturalizm» jurnalının baş redaktoru, yazıçı, jurnalist Fəxri Uğurlu, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi, psixoloq Ramazan Əsgərli, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, yazıçı Qan Turalı, rejissor Pərviz Həsənov, operator Kazım Əsgərzadə və Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin müdiri, tədbirin koordinatoru Fuad Cəfərov, həmçinin universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri açan GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qonaqları yığıncaq iştirakçılarına təşdim edib və çıxış üçün sözü onlara verib.
Çıxış edənlər – Qismət Rüstəmov, Ramazan Əsgərli, Fəxri Uğurlu və Qan Turalı sosial şəbəkələrin: Feysbuk, İnstaqram və Tvitterin geniş yayıldığı müasir şəraitdə Azərbaycan gəncliyinin düzgün istiqamətə yönəldilməsinin vacibliyindən, onlarda «mənəvi immunitet» yaratmaqla sosial şəbəkələrin mənfi təsirindən uzaqlaşdırmaq, bu şəbəkələrin müsbət yönlərindən faydalanmaq üçün şərait yaradılması zərurətindən danışıblar.
Qeyd edilib ki, sivilizasiyanı irəli aparan 2 əsas qüvvə – elm və din arasında birlik olanda cəmiyyət həmişə irəli gedib, ehkamçılıq isə sosial kolliziyalara səbəb olub.
O da qeyd olunub ki, elmin inkişafı hələ hər şeyi həll etmir, mənəvi dəyərlərdən uzaq düşəndə elm də cəmiyyətə xeyir əvəzinə ziyan gətirir. Elmin inkişafının internet nümunəsində də bu cəhət özünü göstərir. Yenilik axtarışında olan insanlar sosial şəbəkələrə axışırlar. Sosial şəbəkələrdə nəzarət yoxdur, azadlıq var. İnternetlə üzbəüz olan zaman insanın özünü necə aparması onun intellektindən, mənəvi tutumundan asılıdır. İnternetin arxasında mənəviyyat durmalıdır, yoxsa o şərə də xidmət edə bilər (bir çox başqa elmi kəşflər, məsələn atom kimi). Gəncləri internetə qədər maarifləndirmək, intellektini inkişaf etdirmək, mənəvi tərbiyə etmək lazımdır.
Prorektor Gülsüm Fətəliyeva, dekanlardan Bayram Apoyev, Urfan Həsənov, dekan müavini Məhərrəm Babayev, kafedra müdirləri Zümrüd Cavadova, Maqbet Əhmədov, «Yüksəliş» qəzetinin müxbiri Firəngiz İdrisqızı, tələbələrdən Zümrüd Məhərrəmova, Rauf Məmmədov, Səməndər İmanov sosial şəbəkələr barədə mülahizələrini bildiribər.
Tədbir iştirakçılarının gəldiyi əsas nəticə bundan ibarət olub ki, sosial şəbəkələrdən lazımi şəkildə faydalanmaq üçün intellekt inkişafının, mənəvi dəyərlərin böyük rolu var. Yüksək intellektli və mənəviyyatlı insanların sosial şəbəkələrdən mənfi niyyətlərlə istifadə edənlərə qarşı mübarizəsi, ictimai qınaq şəraiti yaratması, valideynlərin hələ dünyagörüşü formalaşmamış uşaqların internetdən istifadəsinə nəzarət etməsi, istiqamət verməsi də böyük əhəmiyyətə malikdir.