Yay imtahan sessiyasına ictimai baxış keçirilib
Gəncə Dövlət Universitetində (GDU) 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanlara İctimai Nəzarət Şurası baxış keçirib.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə ictimai baxışda iştirak edən respublikanın tanınmış ziyalıları, elm xadimləri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin nümayəndələri və tələbələrin valideynlərinə imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığı, neqativ halların minimuma endirildiyi, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığı haqqında məlumat verib.
Bildirilib ki, 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanların keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsində məqsəd hesabatlılığın təmin edilməsi və şəffaflığın artırılmasıdır.
Son illərdə Gəncə Dövlət Universitetində elmin və təhsilin bütün sahələrində inkişafa nail olunduğunu deyən Pərvin Kərimzadə qazanılmış uğurlar haqqında İctimai Nəzarət Şurasının üzvlərinə ətraflı məlumat verib.
İctimai Nəzarət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar qısa müddət ərzində görülən işlərdən razılıq ifadə ediblər. Sonra imtahan prosesini auditoriyalarda izləyib, sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən Qərargahın və onun nəzdində apellyasiya komissiyalarının fəaliyyəti ilə tanış olublar. İctimai Nəzarət Şurasının üzvləri, media nümayəndələri və imtahan prosesinə baxış keçirən digər iştirakçılar görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir ediblər.
Qeyd edək ki, Gəncə Dövlət Universitetində yaradılmış İctimai Nəzarət Şurasının tərkibinə AMEA-nın Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandji” qəzetinin baş redaktoru İrina Kalaşnikova, “Yüksəliş” qəzetinin baş redaktoru Qərib Mehdi və tələbələrin valideynləri daxildir. İctimai Nəzarət Şurasının sədri Milli Məclisin deputatı, universitetin Elm və innovasiyalar üzrə prorektoruPərvin Kərimzadədir.