GDU-da yeni tədris ilinin ilk iclası keçirilib
Avqustun 29-da Gəncə Dövlət Universitetinin Nizami Gəncəvi zalında ənənəvi olaraq yeni – 2019/2020-ci tədris ilinə hazırlıq ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə universitetin prorektorları, dekanları, kafedra müdirləri və şöbə müdirləri iştirak etmişlər. Toplantını universitetin rektoru, prof. Yusif Yusibov giriş sözü ilə açaraq tədbir iştirakçılarını yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. O, eyni zamanda, universitetimizin fəaliyyəti, əldə etdiyi nailiyyətlər və perspektivdə duran məsələlərlə bağlı çıxış etmişdir.
Universitetin rektoru, prof. Yusif Yusibov çıxışı zamanı bir çox məsələləri də qeyd etdi. İlk olaraq bütün universitet əməkdaşlarını 2019-2020 ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan təşkilatlar arasında qəbul olan tələbələrin faiz nisbətində ölkədə birinci yeri tutması münasibəti ilə təbrik etdi. O, bu uğuru çox yüksək qiymətləndirdi və bu uğurun illərdi gözlənildiyini qeyd etdi. Bu uğurla yanaşı eyni zamanda daha bir uğurumuzun köçürülən tələbələrlə bağlı olduğunu qeyd etdi. Belə ki, universitetimiz köçürüən tələbələrin sayına görə də ölkə universitetləri arasında birinci yerdə gedir. Rektor, Yusif Yusibov universitet əməkdaşlarının birgə səyi nəticəsində bu uğurların qazanıldığını qeyd etdi və hər kəsə bu uğurların daimi olması üçün əlindən gələni etməsini tövsiyyə etdi.
Eyni zamanda rektor, Yusif Yusibov 2020-2025-ci illər üçün universitetin Strateji Planının hazırlanması üçün yeni tərkibdə Komissiyanın yaradılacağını qeyd etdi. Yaradılacaq komissiyaya sədrliyin rektorun özü tərəfindən aparılacağını qeyd edərək, hər kəsin bu məsələdə əlindən gələni edəcəyini bildirdi. O, önümüzdə duran növbəti 5 ildə universitetin daha da yüksək uğurlar qazanması üçün mükəmməl səviyyədə Strateji Plan hazırlanmasının vacibliyini qeyd etdi.
Rektor, Yusif Yusibov universitetin yeni tədris ilinə hazırlığı ilə bağlı aparılan təsərrüfat işləri ilə bağlı da məlumat verdi. Qeyd etdi ki, universitetin yataqxanalarında aparılan təmir işləri dayanmadan davam edir. Yataqxanaların təmirində xeyli sayda işçi işləyir. İlin sonuna təmir işlərinin yekunlaşacağını, yataqxanalarda 700-ə yaxın tələbənin yerləşdiriləcəyini qeyd etdi. Rektor, Yusif Yusibov bu yataqxanalarla yanaşı yeni tədris binasının həyətində yerləşən yataqxanada da Türkiyə Respublikasının TİKA Agentliyinin dəstəyi ilə yaxın günlərdə təmirə başlayacağını qeyd etdi. O, yataqxanaların təmiri bitdikdən sonra universitetin uğurlarının daha da artacağına inandığını söylədi.
Rektor, Yusif Yusibov eyni zamanda universitetidə əmək intizamını yüksəltmək məqsədilə aparılan işlərlə bağlı da məlumat verdi. O, əsas tədris binasında qurulan 24 ədəd yeni nəzarət kameraları və girişdə quraşdırılmış turniket haqqında məlumat verərək yaxın zamanda universitetin bütün tədris binalarında da bu kimi kamera və turniket sistemlərinin qurulacağını diqqətə çatdırdı.
Sonda tədris və təlim texnologiyaları üzrə prorektor, dos. Fəxrəddin Məmmədov Gəncə Dövlət Universitetində yeni tədris ilinə və akkreditasiyaya hazırlıqla bağlı aparılan işlər haqqında məruzə ilə çıxış etdi.