SÜLH BƏŞƏRİYYƏTİN MƏQSƏDİ, HƏM DƏ BÜTÜN İNSANLARIN HAQQIDIR

  • ????????????????????????????????????

20 sentyabr – Beynəlxalq Sülh günü münasibətilə Gəncə Dövlət Universitetində “Sülh – müharibə və zorakılığın qarşısını alan ümumbəşəri dəyərdir” mövzusunda tədbir keçirilib.
Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti  xəbər verir ki, tədbirdə çıxış edən universitetin professor və müəllimləri, ictimai fəal tələbələr əlamətdar günün tarixindən, eləcə də bu istiqamətdə ölkəmizdə görülən mühüm işlərdən danışıblar.
Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Beynəlxalq Sülh gününün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, Beynəlxalq Sülh günü 1981-ci il sentyabrın 21-də BMT tərəfindən təsis edilib. Həmin il dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. İlk dəfə Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayıb. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun həmin “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. BMT-nin baş katibi hər il Beynəlxalq Sülh günü münasibətilə dünya xalqlarına müraciət ünvanlayır.
Universitetin dosentləri Hüseyn Bəxtiyarov, Qivami Qazıyev çıxışlarında sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Qeyd edilib ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalanıb, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısı alınıb, ölkədə sabitliyə nail olunub. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.
Bildirilib ki, respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini nümayiş etdirir.
Tələbələr Müjgan Əliyeva, Laləzar Qurbanova və Röyal Salmanov məruzələrində sülhün əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf, azadlıq, bərabərlik, ədalət, hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu bildiriblər. Vurğulanıb ki, bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Hələ XV əsrdə Erazm Rotterdamlı “Sülh şikayəti”, XVIII əsrdə İmmanuel Kant “Əbədi sülhə doğru” əsərini yazıb. Dünyanın müasir tarixində “Sülh uğrunda hərəkatlar” təsis olunub, “Sülhün təmin edilməsinə” görə mükafatlar verilir, abidələr ucaldılır.
Sonda tələbələr sülhün rəmzi olan ağ Göyərçini açıq səmaya buraxıblar.