“BİR” TƏLƏBƏ-KÖNÜLLÜLƏR-ÖYRƏN, ÖYRƏT, YAŞA, YAŞAT, KƏŞF ET, ZÖVQ AL

“Bir” rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəyliyin simvoludur. Adını bu dəyərlərdən alan “Bir” Tələbə-Könüllü Proqramı Azərbaycanın Ali Təhsil müəssisələrinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və həmrəyliyidir. Biz tələbə-könüllülərlə birgə bu dəyərləri aşılamağı və paylaşmağı qarşımıza məqsəd qoymuşuq.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər Gəncə Dövlət Universitetində “Bir” Tələbə-Könüllülük proqramının əməkdaşları ilə tələbələrlə keçirilən görüşdə səsləndirilib.

Elm və innovasiyalar  üzrə prorektor Pərvin Kərimzadə əməkdaşları tələbələrə təqdim edərək,  proqramının əhəmiyyəti haqqında fikirlərini bildirib.

Proqramın rəhbəri Canoğlan Qiyasov qeyd edib ki, “Bir” Tələbə-Könüllülük proqramı 14 dekabr 2015-ci ildə fəaliyyətə başlayıb. Bu proqram yeni dostlar qazanmağa, unudulmaz anlar yaşamağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinizin inkişafına imkan yaradır. “Bir” onları bu həyatı yaşayıb yaşatmağa, öyrənib öyrətməyə, daima kəşf edib həyatdan zövq almağa dəvət edir.

Proqramın həyata keçirilmə məqsədi tələbələrə könüllülüyün məqsəd və məramının aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat – təşviqat işlərinin aparılması, vahid məlumat bazasının yaradılması, təlim-tədris proqramları və kurslarının təşkil olunması,  intellekt səviyyəsinin və dünyagörüşünün genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, maraq dairələri üzrə klubların yaradılmasının stimullaşdırılması, dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin olunması, özəlliklə ölkəmizin adının beynəlxalq aləmə çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsindən ibarətdir.

Bildirilib ki, tələbələrin asudə vaxtlarının səmərəli edəcək, onların müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edəcək, yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsində iştirak edəcək bu Proqram 6 müxtəlif istiqamətdən – Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al – dan ibarətdir.