GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ 13-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL SƏRGİSİNDƏ İŞTİRAK EDİR

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.

Bu ilki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb.

“Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. Digər ali təhsil müəssisələri ilə yanaşı sərgidə Gəncə Dövlət Universiteti də iştirak edir. Sərgidə “Universitetlərə səyahət” adlı layihə keçirilib. Bu layihə əsnasında “Eduexpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verib və valideynləri maraqlandıran sualları cavablandırıblar.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr də daxildir.

Qeyd edək ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin baş sponsoru “Kapital Bank”dır.

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.  “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, eləcə də “Greenwich Travel Club” turoperatoru yer alır.

Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

Üç gün davam edəcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə giriş IX-XI sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.