Gəncə Dövlət Universitetində məişət zorakılığına həsr edilmiş tədbir keçirilmişdir
Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması istiqamətində bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır. Belə ki, 2006-cı ildə “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, 2012-ci ildə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, 2016-cı ildə Strateji Yol Xəritələri qəbul edilmiş, ölkəmiz BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur.
Məlum olduğu kimi, hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Qeyd etmək lazımdır ki, məişət zorakılığı ailədə böyüyüb boya başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir. Zorakılığın şahidi olmuş körpələrin sağlamlığı ilə yanaşı, davranışında da problemlər ortaya çıxır, belə körpələr emosional travmadan əziyyət çəkir və tədris prosesində çətinliklərlə üzləşirlər. Evlərində zorakılığın müşahidə edilməsi nəticəsində uşaqlar arasında yuxu pozuntusu və qida qəbulu ilə bağlı çətinliklər, fikri cəmləşdirmək, ümumi narahatçılıq yaşamaq, əyləncəyə marağı itirmək, özünə qiymət verməmək, həmyaşıdlarından kənar gəzmək və ya uzaqlaşmaq, məktəb mühitində özünü dikbaş və ədəbsiz aparmaq, təhsildə geriləmək, təhsildən yayınmaq halları daha çox rast gəlinən ümumi problemlərdir. Uşaqlıq dövründə zorakılığa məruz qalan və ya zorakılıq şahidi olan uşaqların böyüdükdə zorakılıq törətməyə meyilli olmaları ehtimalı çox yüksəkdir. Bu da onların gələcəkdə davranışlarında, psixologiyasında özünü biruzə verərək, sağlam düşüncəli insan kimi formalaşmasına mənfi təsir edir.
Bu günlərdə Gəncə Dövlət Universitetində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin keçirdiyi tədbirdə bütün bunlar barədə ətraflı söhbət getmiş, ölkəmizdə məişət zorakılığının qarşısının alınmasında qəbul olunmuş qəraraların əhəmiyyətindən danışılmışdır. Tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölməsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və başqaları çıxış edərək Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qəbul olunmuş qərarların, eləcə də dövlət proqramlarının əhəmiyyətindən danışmışlar. Qeyd etmişlər ki, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi yeni düşüncə tərzinin formalaşmasına təkan vermişdir. Lakin bütün bunlara baxmayaraq, hələ də qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmamışdır.
Tədbirdə sənədli filmin nümayişindən sonra müzakirə olunan mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların suallarına cavab verilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti