GDU-da “Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
“Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən ərtaflı danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, iqtisadi yüksəliş gətirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi.
Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.
Prorektor Pərvin Kərimzadə onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkə başçısı Cənab İlham Əliyevin apardığı uzaqgörən müdrik siyasəti nəticəsində Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.
Tədbirdə Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Coğrafiya kafedrasının dosenti Arifə Əhmədli, Ümumi tarix kafedarısının dosenti Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə mövzu ətrafında məruzə ilə çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti