GDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib
31 mart-Azərbaycanlıların soyqırımı Günü ilə əlaqədar Gəncə Dövlət Universitetində tədbir keçirilib.
Öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında danışıb.
Bildirib ki, tarix boyu təcavüzkar siyasət yeridən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, əzəli torpaqlarımızı zəbt etməyi məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirmiş, sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də qanlı faciələr törədilmişdir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb. Prorektor onu da vurğrulayıb ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırım və deportasiya siyasəti ifşa olunmuş, xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması istiqamətində ardıcıl işlər görülür.
Tədbirdə Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, rektorun baş müşaviri Asif Cavadov XX əsrin əvvəllərində erməni vəhşilikləri və 31 Mart soyqırımı ərəfəsində ölkəmizdə ictimai-siyasi vəziyyətə dair çıxış ediblər.
Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Ümumi tarix kafedrasının dosenti Etibar Musayev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov və Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədova mövzu ərtafında çıxış ediblər.
31 Mart soyqırımı öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrildiyini vurğulayan natiqlər xalqımıza qarşı ermənilərin törətdikləri cinayətlərdən danışıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti