Gəncə Dövlət Universitetində ,,Məzun günü,, keçirilib
Gəncə Dövlət Universitetində təntənəli ,,Məzun günü,, keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.
Tədbirdə dövlət rəsmiləri, müvafiq qurumların rəhbərləri, Dokuz Eylül Universitetinin əməkdaşları, Vətən müharibəsi qaziləri, şəhid valideynləri, universitetin professor-müəllim heyəti, tələbələr və validenlər iştirak ediblər.
Universitetin rektoru Yusif Yusibov çıxış edərək məzunları təbrik edib, bu il universitetdən 2050 bakalavr və magistrin məzun olduğunu diqqətə çatdırıb.
Ölkəmizdə elm və təhsilə göstərilən dövlət qayğısından və GDU-nun əldə etdiyi nailiyyətlərdən danışan rektor Yusif Yusibov qeyd edib ki, ali təhsil ocağında tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, yüksəkixtisaslı kadr hazırlığı daim diqqət mərkəzində saxlanılır, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir.
Qəhrəman şəhid Yüksəl Əlizadənin anası, universitetin “Leksika və Ölkəşünaslıq” kafedrasının müdiri Sevda Kazımova və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışlarında məzunları təbrik ediblər və gənclərə xoş arzularını bildiriblər.
Məzunlar hər zaman tələbələrə dəstək olduğuna görə universitetin rektoruna təşəkkür ediblər. Gənclər Gəncə Dövlət Universitetinin məzunları olduqları üçün fəxr etdiklərini vurğulayıblar.
Tədbirin davamında təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə bir qrup məzuna Fəxri fərman və Təşəkkürnamə təqdim olunub.
,,Məzun günü,, konsert proqramı ilə davam edib və tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti