Azərbaycan qərb ölkələri üçün vacib tərəfdaşa çevrilib

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – ,,Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgilərinin ölkəmizin energetika sektorunun inkişafında xüsusi əhəmiyyəti var. Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Sərgilərin əhəmiyyəti ölkə prezidenti Cənab İlham Əliyevin çıxışında da öz əksini geniş formada tapdı. Diqqətçəkən əsas və vacib məqamlardan biri də ABŞ, Böyük Britaniya, xüsusilə Avropa İttifaqının bu tədbirdə böyük tərkibdə təmsil olunması idi. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır. Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti