GDU-DA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

     Gəncə Dövlət Universitetində (GDU) 2023/2024-cü tədris ili üçün Elmi Şuranın son iclası keçirilib.

      İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov GDU Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, Botanika kafedrasının  əməkdaşı Afaq Qasımovanın Bitkiçilik ixtisası üzrə dosent elmi adı, Kimya kafedrasının müəllimi Günel Zeynalovanın Qeyri-üzvi kimya ixtisası əsasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib və  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş müvafiq diplomları təqdim edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

      Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və  yubileyi münasibəti ilə Riyaziyyat-informatika fakültəsinin dekanı Oruc Hüseynova, Fransız dili kafedrasının baş müəllimi Zenfira Hüseynovaya və Fizika kafedrasının dosenti , GDU-nun fəxri professoru Vaqif Rüstəmova universitet rektorunun imzaladığı Fəxri Fərman təqdim edilib, xoş sözlər söylənilib. O da qeyd olunub ki, Vaqif Rüstəmov Beynəlxalq İnformasiya Agentliyi tərəfindən Hacı Zeynalabdin Tağıyev medalı ilə təltif olunub.

      Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib.

     Elmi Şurada birinci məsələ- Növbəti tədris ilinə hazırlığın vəziyyətinə dair İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun, ikinci məsələ GDU Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə aparılan elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr barədə TEC sədri Lalə Ələkbərovanın geniş hesabat məruzəsi dinlənilib.

      Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq  Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

      Daha sonra filologiya elmləri doktoru, professor  Mübariz Yusifovun Azərbaycan dili kafedrasında boş olan professor vəzifəsini tutması məsələsi müzakirə edilərək gizli səsvermə yolu ilə qəbul edilib.

         İclasda Dövlət İmtahan Mərkəzi  tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları ilə Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə 2024/2025-ci tədris ilinin payız semestri ərzində hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüdün verilməsi, növbəti semestrlərdə ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda təqaüdün verilməsinin davam etdirilməsi məsələsi barədə qərar səsvermə yolu ilə qəbul olunub.

         Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti