GDU-da tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə universitet rəhbərliyi, departament direktorları, fakültə dekanları, kafedra və şöbə müdirləri iştirak ediblər.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov yeni tədris ilinin başlaması münasibətilə kollektivi təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor ali təhsil ocağında əldə edilən uğurlar, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrlar hazırlanması üçün yaradılan şərait, infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ali təhsil ocağının beynəlxalq reytinq siyahısında əhəmiyyətli yer tutması və elektron universitetə keçidin surətləndirilməsi barədə ətraflı danışıb. O da diqqətə çatdırılıb ki, Bilik günündə yeni istifadəyə veriləcək ikimərtəbəli VI tədris binası professor-müəllim heyəti və tələbələr üçün böyük töhfə olacaq.
Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris yükünün bölüşdürülməsi, kadrların təkmilləşdirilməsi, universitet auditoriyalarının tədris prosesinə hazırlığı, laboratoriyaların təchizatı, universitetdaxili nizam-intizam qaydalarına ciddi riayət olunması və s. məsələlərlə bağlı müvafiq tapşırıqlarını verib. Eyni zamanda, bir sıra istiqamələrtdə qarşıda duran perspektiv məsələləri diqqətə çatdırıb.
Daha sonra Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, Tədris Departamentinin direktoru Elturan Yusifov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və digərləri universitetdaxili məsələlərlə bağlı fikirlərini bildiriblər.
İclasda ali təhsildə keyfiyyətin yüksəldilməsinə dair qarşıda duran vəzifələr ətraflı müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti