GDU-da 27 Sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində 27 Sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 44 gün davam edən və tarixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsindən danışıb. Bildirib ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Buna cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı ilə döyüşə atıldı. Xalqımız və rəşadətli Ordumuz şanlı tarix yazaraq 44 gündə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
Tədbirdə çıxış edən Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov II Qarabağ müharibəsində əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və rəşadətindən danışıb, hər bir azərbaycanlının onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.
Daha sonra Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenov “27 sentyabr: Tarixmizin zəfər və qəhrəmanlıq səhifəsidir”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Qanları ilə Şanlı Zəfər yazanlar”, baş müəllim Xatirə İlyasova “Yaddaşlarda əbədi yaşayanlar”, Tarix-coğrafiya fakültəsinin 2-ci kurs tələbəsi Mədinə Əsgərli “Əbədiyaşar şanlı Zəfər salnaməmiz” mövzularında çıxış ediblər.
Tədbirdə çıxış edənlər onu da diqqətə çatırıblar ki, 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Qardaş Türkiyə müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti