Bu gün Füzuli Şəhəri Günüdür
Beş il əvvəl – 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttindəki bir neçə müdafiə xəttinin yarılması nəticəsində Ordumuz strateji üstünlüklər qazanıb. Döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstəriblər. Uğurlu Füzuli əməliyyatı ilə Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilib.
Bununla belə, qeyd etmək lazımdır ki, Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. Belə ki, düşmən 30 il ərzində cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxları Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməyə qadir olduğunu sübut etdi.
Ermənistan silahlı birləşmələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.
Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın artıq vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd, Füzuli rayonun bir neçə kəndlərinin azad edilməsi düşməni mühasirəyə almaq üçün əlverişli şərait yaratdı. Oktyabrın 14-də isə əlverişli yüksəkliklər və mövqelər – Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü kəndləri azad olundu. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatdı. Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirdi. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planını uğurla yekunlaşdırdılar – Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri azadlığa qovuşdu. Bu tarixi Qələbə 44 günlük şanlı Vətən savaşının gedişatında həlledici mərhələlərdən biri oldu.
Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.
Müharibədən sonrakı illərdə rayon ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilib, rahat yollar, yaraşıqlı parklar, yaşayış kompleksləri salınıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayon sakinlərinin bir hissəsi doğma yurd yerlərinə qayıdıb. Artıq 5 ildir ki, Füzulidə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Aparılan böyük quruculuq işləri nəticəsində indiyədək 3 mindən çox sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti



