Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetində Ümumdünya şəhərsalma forumunun  on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş tədbir keçirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “Azad edilmiş ərazilərin bərpası şəhərsalma siyasətinin  əsas məqsədidir” mövzusunda  çıxış edərək bildirib ki, WUF13-ün Bakıda keçirilməsi ölkəmizin urbanizasiya proseslərinə sistemli yanaşmasının, ekoloji davamlılıq və sosial inklüzivlik prinsiplərinə əsaslanan şəhərsalma siyasətinin beynəlxalq müzakirə predmetinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prorektor onu da vurğulayıb ki,  Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. 44 günlük Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülmüşdür.

Tədbirdə Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc  Hüseynov “Wuf 13-ağıllı şəhərlər və iqlim dəyişiklərinə uyğunlaşma sahəsində ən nüfuzlu  konfransdır”, İnformatika və Cəbr  kafedrasının müdiri İlqar Cabbarov  “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər”, Ümumi riyaziyyat kafedrasının müdiri Sübhiyyə Zeynallı “Wuf 13 – Azərbaycanın zəngin tarixi irsi ilə müasir inkişaf dinamikasını birləşdirən forum”, Riyazi analiz kafedrasının baş müəllimi Nurəngiz Bəşirova  “Yeni dövrün başlanğıcı:“Ağıllı şəhər”və “Ağıllı kənd” anlayışı”, Riyaziyyat və informatika fakültəsinin tələbələri Firuzə Əhmədova “Yeni dövrün başlanğıcı: “Ağıllı şəhər” və “Ağıllı kənd” anlayışı”, Dərya Quliyeva “Quruculuq işləri işğaldan azad olunmuş ərazilərimizə yeni həyat gətirir” mövzularında çıxış ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan son illərdə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını milli inkişaf strategiyasının prioritet istiqamətləri kimi müəyyən edib. Xüsusilə, azad edilmiş ərazilərdə – Şuşa, Füzuli, Ağdam, Cəbrayıl və digər şəhər və rayonlarda həyata keçirilən layihələr bu sahədə region üçün nümunəvi model yaradır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti