Müstəqilliyimiz daimidir, dönməzdir, əbədidir!

Gəncə Dövlət Universitetində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilən tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr edilən videoçarx nümayiş etdirilib.

Universtetin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində atdığı qətiyyətli addımların tarixi əhəmiyyətindən danışıb. Rektor bildirib ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyi təmin etdi, dövlətçiliyin əsaslarını möhkəmləndirmiş və müstəqilliyimizin qorunması istiqamətində mühüm addımlar atdı. Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdı. Rektor Yusif Yusibov onu da diqqətə çatdırıb ki, 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.  Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xətt onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən və milli maraqlara əsaslanan siyasət sayəsində Azərbaycan regionda söz sahibi olan güclü bir dövlətə çevrilib. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə olundu. Şanlı Zəfərimiz nəticəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.

Daha sonra Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva “ Ulu Öndər Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Müstəqilliyin bərpası Günü – Şanlı tarixdən bu günə”, Ümumi tarix kafedrasının dosenti Nərgiz Rəsulova “Azərbaycanın dövlət müstəqilliyinin tarixi varisliyi və müasir milli dövlətçilik modeli”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “Müstəqilliyimiz daimidir, dönməzdir, əbədidir”, Psixologiya kafedrasının baş müəllimi Sabirə Bayramova “Müstəqilliyimiz milli sərvətimizdir” və  Filologiya və xarici dillər fakültəsinin 4-cü kurs tələbəsi Sevda Əliyeva “Müstəqillik tariximizin misilsiz Zəfəri” adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycanın müstəqillik tarixində qazandığı tarixi qələbələrdən, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin əhəmiyyətindən bəhs olunub, bu qələbələrin dövlət müstəqilliyimizin möhkəmləndirilməsində və milli birliyimizin gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti